AQC Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq sazişi imzalayıb



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Belarusun paytaxtı Minskdə sözügedən qiymətləndiricilərin forumu keçirilib.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.

Forumda AQC sədri Vüqar Oruc və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü İlham Bağırov iştirak ediblər.

Forumun açılış mərasimində V.Oruc “Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda çıxış edib. Sonra isə AQC ilə Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Tədbirdə Qırğızıstanın Nazirlər Kabineti yanında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyinin direktor müavini Satarova Eldana Taalaybekovna, “Qazaxıstan Qiymətləndiricilər Assosiasiyasının özünütənzimləmə təşkilatı” qiymətləndiricilər palatasının üzvü Vedernikov Sergey Rufimoviç, Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenia, “Qrodno Dövlət Qeydiyyatı və Torpaq Kadastrı Agentliyi” Respublika Unitar Müəssisəsinin Qiymətləndirmə şöbəsinin müdiri Mariya Bir, “Milli kadastr agentliyi”nin aparıcı qiymətləndiricisi Natalya Muraşko, Rusiya Özünütənzimləmə Təşkilatının (CMAO) eksperti Yekaterina Xmara, “Qiymətləndirmə mərkəzi” ASC-nin sertifikatlı qiymətləndiricisi Vladimir Şabeka, Belarusun Dövlət Əmlak Komitəsi yanında Sertifikatlaşdırma Komitəsinin üzvü Aleksandr Kistyukun müxtəlif mövzularda məruzələri dinlənilib.

Forumun ikinci günündə “Nəqliyyat vasitələrinin, avadanlıqların qiymətləndirilməsi” mövzusunda seminar keçirilib. Seminarın sonunda AQC nümayəndə heyəti Belarus Dövlət Əmlak Komitəsi tərəfindən diplom və sertifikatla mükafatlandırılıb.

Forumun gedişində Vüqar Oruc Rusiya, Qırğızıstan və Qazaxıstanın qiymətləndirmə assosiasiyalarının rəhbərləri ilə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində danışıqlar aparıb və müvafiq razılaşmalar əldə olunub.