Qəzalı binaların sökülməsi kirayə mənzil bazarında qiymət artımına səbəb olacaq



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Bakıda qəzalı binaların sökülməsi prosesi kirayə və daşınmaz əmlak bazarında qiymət artımına səbəb olacaq. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında bildirib.

Onun sözlərinə görə, mülkiyyət hüququndan imtina edən vətəndaşlar müvəqqəti olaraq kirayə mənzil bazarına üz tutacaqlar ki, bu da qiymətlərə birbaşa təsir göstərəcək:

“Bildiyimiz kimi, Bakı şəhərinin baş planına uyğun olaraq, şəhərin bir çox yerində qəzalı binaların söküntüsünə başlanılıb və vətəndaşlara müəyyən olunmuş məbləğdə, bazar dəyərinə uyğun şəkildə kompensasiya verilir. Təbii ki, bu proses əmlak bazarında qiymət artımına səbəb olacaq. Digər tərəfdən, onların bir qismi alqı-satqı bazarına üz tutacaq ki, mənzil əldə etsin. Bu da bazarda tələbi artıracaq. Tələb artdığı zaman qiymətlərin də artımı gözləniləndir”.

Vüqar Oruc əlavə edib ki, təxminən 6 min vətəndaşın daşınmaz əmlak bazarına müraciət etməsi proqnozlaşdırılır:

“Bu, çox ciddi rəqəmdir və qiymətlərin 2025-ci ildə artmasına gətirib çıxaracaq. Həmçinin bu proses təkcə hazırda nəzərdə tutulan 194 binanı əhatə etməyəcək, davamlı olacaq və yalnız Bakı ilə yekunlaşmayacaq – bölgələrə də şamil olunacaq. İlkin mərhələdə 1920–1930-cu illərdə tikilmiş 1, 2 və 3 mərtəbəli binaların söküntüsü nəzərdə tutulub. Daha sonra isə 1930–1950-ci illər arasında inşa olunan binalar söküləcək”.

Qiymət artımına əsas səbəblərdən birinin də ucuz mənzil təkliflərinin azalması olduğunu vurğulayan Oruc bildirib:

“Ucuz mənzillərin daha çox köhnə binalarda yerləşdiyini nəzərə alsaq, həmin binalar söküləndən sonra aşağı qiymətli təkliflərin sayı azalacaq. Bu da qiymətlərdə artıma səbəb olacaq. Ümumilikdə, bu il Bakı şəhərində qiymətlərin 15–20 faiz artımını proqnozlaşdırmışıq. Əgər söküntü prosesi sürətlə davam etsə, bu rəqəmin daha da yüksəlməsi mümkündür”.