Əmlak qiymətlərindəki artım yeni iqtisadi trendlərlə bağlıdır



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, daşınmaz əmlak bazarındakı qiymət artımı təkcə alıcı-satıcı münasibətləri ilə deyil, daha geniş sosial-iqtisadi faktorlarla əlaqəlidir.

Onun sözlərinə görə, bazarda aktivliyin zəif olduğu dövrlərdə belə qiymət artımının davam etməsi bu sahədə yeni iqtisadi trendlərin formalaşdığını göstərir:

“Əmlakın artıq investisiya vasitəsi kimi dəyərləndirilməsi, tikinti xərclərinin artması, torpaq sahələrinə tələbatın yüksəlməsi və dövlətin həyata keçirdiyi sosial layihələr qiymətlərin aşağı düşməsinə imkan vermir. Əgər bu layihələr davamlı olarsa, bahalaşma bundan sonra da davam edəcək”.

Vüqar Oruc əlavə edib ki, satış qiymətləri ilə yanaşı kirayə qiymətləri də artmaqdadır:

“Təkcə Bakıda 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Bu prosesin davamlı xarakter alması, sakinlərə aylıq kompensasiyalar ödənilməsi kirayə mənzillərə tələbatı əhəmiyyətli dərəcədə yüksəldib. Bu tendensiyanın yaxın aylarda daha da güclənəcəyi gözlənilir”.

O, həmçinin bildirib ki, torpaq sahələrinin qiymətində də davamlı artım müşahidə olunur:

“Əhalinin sayının artması, yeni tikinti normativləri və Bakı şəhərinin 2040-cı ilədək baş planına uyğun olaraq daha iri torpaq sahələrinin tələb olunması bu artıma səbəb olur. Əgər əvvəllər bir layihə üçün 20 sot torpaq kifayət edirdisə, indi 30-40 sota ehtiyac yaranır”.

Sədr onu da qeyd edib ki, urbanizasiya, Bakıya köç və infrastrukturun inkişafı da torpaq sahələrinin bahalaşmasında əsas amillərdir:

“Qiymət artımı ərazilər üzrə dəyişkənlik göstərir – infrastrukturun inkişaf etdiyi zonalarda artım daha yüksəkdir. Məsələn, bəzi yerlərdə pay torpaqlarının qiymətində son illərdə 200-250 faizədək artım qeydə alınıb. Bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyi gözlənilir”.