Qiymətləndirmə şirkətləri satınalınmalar prosesinin təşkilinə...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Vüqar Oruc: Qiymətləndirmə şirkətləri satınalınmalar prosesinin təşkilinə cəlb olunmalıdır.

AQC rəsmisindən təklif: "Tenderlər və kotirovka sorğularından əvvəl ilkin qiymətləndirmə aparılsın".

Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi və institusional islahatlar həyata keçirilir. Bu islahatlar bir tərəfdən idarəetməyə yeni kadrların gətirilməsini, digər tərəfdən isə dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılmasını özündə ehtiva edir.

Azərbaycan İnvestisiya Holdinqinin təsis olunması və əksər dövlət qurumlarının, o cümlədən dövlət payı olan cəmiyyətlərin vahid prinsiplər əsasında idarə edilməsi bu xüsusda diqqətdən yayına bilməz. Uzun illər müasir dövrün tələblərinə cavab vermədən fəaliyyət göstərən dövlət qurumları keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

Bəs görəsən dövlət qurumlarının fəaliyyətində əsas çatışmazlıqlardan olan tenderlər zamanı baş verən neqativ hallara qarşı mübarizədə hansı üsullardan istifadə olunmalıdır?

Azərbaycan Qiymələndiricilər Cəmiyyətinin sədr müavini, "VECON CONSULTING" şirkətinin direktoru Vüqar Orucun sözlərinə görə, bəzi hallarda tenderlər mahiyyətindən kənar məqsədlərə xidmət edir:

"Tenderləri və onun nəticələrini günümüzdə aktual edən əsas səbəb qanunvericilikdə 50 min manatdan yuxarı olan dövlət satınalmalarının tender yolu ilə həyata keçirilməsinə olan tələbdir. Nəzərə alsaq ki, bu zaman xərclənən vəsaitlər dövlət büdcəsinə aiddir, alınan mal və xidmətlər dövlət orqanlarının yaxud vətəndaşların müxtəlif növ tələblərinin qarşılanması üçündür, ictimaiyyətin bu istiqamətdə hesabat tələb etməsi təbiidir. Düzdür, son illərdə bu sahədə müəyyən müsbət məqamlar nəzərə çarpır. Satınalmalar üzrə Dövlət Agentliyi qurumun web - saytında keçirilən tenderlər və kotirovka sorğuları barədə məlumatlar yerləşdirilir. Bu özü - özlüyündə müsbət haldır. Lakin həmin saytı araşdıran zaman məlum olur ki, tenderlər bir çox hallarda eyni şirkətlərə və ya nizamnamə kapitalı çox aşağı olan şirkətlərə verilir. Bu faktın özü bu sahədə şəffaflığın olmadığı və ya çox aşağı olduğunu göstərir. Bəzən tender və ya kotirovka sorğuları ilə bağlı müraciət etdiyimiz müəssisələrdən qəribə cavablar alırıq. Onlar açıq şəkildə bildirirlər ki, tender və kotirovka sorğuları formal keçirilir. Bəzi hallarda artıq qalibin bəlli olduğunu da bəyan edirlər. Hesab edirəm ki, tenderlər dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməli və bu sahədə zəruri islahatlar aparılmalıdır".

Vüqar Oruc təklif edir ki, bu sahədə şəffalığın artırılmasına nail olmaq üçün müstəqil qiymətləndirmə şirkətləri bu prosesə cəlb edilməlidir:

"Bilirsiniz ki, son dövrlər Azərbaycanda qiymətləndirmə şikətlərinin fəaliyyətinə xüsusi maraq yaranıb. Əksər dövlət, maliyyə və özəl qurumlarda həyata keçirilən bütün layihələr, əqdlər və s. qiymətləndirmə meyarları əsasında baş tutur. Artıq Azərbaycanda bu sahədə kifayət qədər peşəkar olan, Avropa protokolları əsasında fəaliyyət göstərən şirkətlər mövcuddur. Hesab edirəm ki, tenderlər və kotirovka sorğuları ilə bağlı qərar verilərkən qiymətləndirmə şirkətlərinin rəyi nəzərə alınmalıdır. Başqa sözlə ifadə etsək,  qiymətləndirmə şirkətləri satınalınmalar prosesinin təşkilinə cəlb olunmalıdır. Əgər bu baş verərsə, şəffaflığa nail olaraq korrupsiya hallarının qarşısını alınar və nəticə etibarilə daha keyfiyyətli xidmətin təmin olunmasında qiymətləndirmə şirkətlərinin də rolu olar" - deyə Vüqar Oruc vurğulayıb.