Vüqar Oruc: Bazarda müəyyən bahalaşma olacaq, lakin bu, ciddi...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Vüqar Oruc: Bazarda müəyyən bahalaşma olacaq, lakin bu, ciddi və qeyd olunan səviyyədə baş verməyəcək.

SOCAR - ın rəsmi açıqlamasına görə, ölkəmizdə premium və super markalı benzinin qiymət artımına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub. Qurumdan bildirilib ki, "Aİ-95" premium və "Aİ-98" super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də Respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Qeyd edək ki, son qiymət dəyişikliyinə qədər Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiyməti 1,45 AZN, "Aİ-98" super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi. Sosial şəbəkələrdə "Aİ-95" və "Aİ-98" markalı benzinlə yanaşı, çörəyin qiymətində də artımın olmasına dair məlumatlar yayılıb. İddia edilir ki, ölkənin aparıcı çörək istehsalçıları qiymətləri 30 faizə qədər bahalaşdırıb. Koronavirus pandemiyasının vüsət aldığı, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü, sosial - iqtisadi problemlərin hökm sürdüyü hazırkı şəraitdə qiymət artımları ciddi etirazlara səbəb olub.

"VECON CONSULTING" şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc AYNA - ya şərhində qeyd edib ki, yanacaq məhsullarının qiymət artımı adətən ümumi qiymətlərə təsir göstərir: "Sözsüz ki, bu amilin həm iqtisadi, həm də psixoloji baxımdan yan təsirləri olmamış deyil. Yanacağın bahalaşması ölkəboyu ümumi qiymət artımlarına yol açır. Lakin nəzərə alanda ki, yüklərin daşınması əsasən dizel və "Aİ-92" yanacaqları ilə işləyən avtomobillər tərəfindən həyata keçirilir, son qərarın qiymətlərə təsiri cüzi olacaq. Bəzən sahibkarlar qiymət artımlarından sui - istifadə edir, lazım olduğundan daha artıq şişirtmələrə yol verirlər. Nəticədə zərbə istehlakçılara dəyir. Digər yandan, ölkədə azad rəqabət şəraitinin mövcud olmaması qiymət artımlarına rəvac verən faktor rolunda çıxış edir. Biz bunu dəfələrlə təcrübədə müşahidə etmişik".

Ekspertin bildirdiyinə görə, premium və super markalı benzinlərin bahalaşması bazara ciddi təsir göstərməyəcək: "Bilirsiniz ki, bu markalı benzinlər əsasən A sinfinə aid avtomobillər tərəfindən istehlak edilir. Bunu əsas götürdükdə, ümumi bazara ciddi təsirlər gözlənilmir. Daha çox ölkədə emal olunan yanacaq markaları bahalaşan zaman ümumi qiymət artımlarını müşahidə edirik. Təbii ki, müəyyən təsirlər ola bilər, lakin bu, iddia edildiyi kimi, ciddi səviyyədə olmur. Son qərarın daşınmaz əmlak və avtomobil bazarında qiymətlərə təsirinə gəldikdə isə, bunun baş verəcəyi də inandırıcı görünmür. Daşınmaz əmlak bazarında təklif tələbi üstələyir. Premium və super markalı benizlərlə qidalanan avtomobillər isə olduqca bahalıdır və bunu alan şəxslər daha çox komfortuna görə həmin maşınları seçirlər" - deyə Oruc vurğulayıb.