Qanunsuz tikili PROBLEMİ - Vətəndaşların hüququ necə...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Qanunsuz tikili PROBLEMİ - Vətəndaşların hüququ necə qorunmalıdır?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, bir neçə ilə ölkədə qanunsuz tikili olmayacaq və qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir. Məlumdur ki, ölkəmizdə kifayət qədər vətəndaş məhz qanunsuz tikililərdə məskunlaşıb.

Qanunsuz tikililərin qarşısının alınması fonunda sözügedən vətəndaşların aqibəti ilə bağlı iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az - la bölüşüb.

O, qeyd edib ki, nazirin açıqlaması müsbət hal olsa da, qanunsuz tikililərlə bağlı problemin həlli müəyyən qədər vaxt ala bilər:

"Ölkədə tikinti ilə bağlı müvafiq qayda və normativlər var. Bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də çoxmərtəbəli binaların tikintisi və qeyri - yaşayış sahələri ilə bağlı müvafiq sənədlərdə dəyişikliklər edib. Qeyri - qanuni tikililərin inşası qanuna uyğun olaraq təqdirəlayiq hal deyil. Bu baxımdan nazirin açıqlaması yerindədir. Qanunsuz tikililər sökülərsə, bu, Bakı şəhərinin və şəhərətrafının arxitektur görünüşünə müsbət təsir edə bilər. Xatırladım ki, bir neçə gün öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasında yaşayış binalarının layihələndirilməsi normaları təsdiqlənib. Həmin sənədə əsasən, bundan sonra müvafiq ərazilərdə tikililər apararkən müəyyən olunan qayda və prosedurlara əməl olunmalıdır. Əslində yaxın iki il ərzində qanunsuz tikililərlə bağlı problemin aradan qaldırılacağına inanmıram. Ancaq problem tezliklə həllini taparsa, müsbət hal olar".

Vüqar Oruc hesab edir ki, prosesin həyata keçirilməsi fonunda qanunsuz tikililərdə yaşayan vətəndaşların hüquqları xüsusilə qorunmalıdır:

"Söhbət onminlərlə Azərbaycan vətəndaşından gedir. Qeyd olunan tikililər sökülərsə, həmin vətəndaşlar məskunlaşma ilə bağlı problemlə üzləşəcəklər. Ona görə də dövlət hər bir vətəndaşın hüququnun qorunması fonunda konkret tədbirlər proqramı tərtib etməlidir. Əgər dövlət tərəfindən qanunsuz tikililərin sökülməsi planlaşdırılırsa, vətəndaşların yeni yaşayış məkanlarında məskunlaşdırılmasını da öz üzərinə götürməlidir. Bu metod alınmırsa, o halda vətəndaşlara kompensasiya ödənilə bilər".