Paytaxtda ən çox bu mənzillər bahalaşıb - VECON CONSULTING - TƏQDİM EDİR - ƏRAZİLƏR, QİYMƏTLƏR:
Bakının mənzil bazarında ən çox qiymət artımları bu üç rayonda qeydə alınıb.
Son dövrlər baş verən qlobal iqtisadi böhrandan, qiymətlərin artmasından, müxtəlif iqtisadi və sosial proseslərdən təsirlənən əsas sektorlardan biri də daşınmaz əmlak bazarı olub. FED.az xəbər verir ki, ölkədə müşahidə olunan bahalaşma əmlak bazarından da yan ötməyib və qiymətlərin kəskin şəkildə artımına səbəb olub. İpoteka kreditlərinə başlanması, tikinti materiallarının bahalaşması və eyni zamanda paytaxtın bir sıra ərazilərində söküntü işlərinin aparılması ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında da qiymətlər artır.
Azərbaycanın aparıcı qiymətləndirmə şirkətlərindən olan – "VECON CONSULTING" paytaxtın 10 rayonunda əmlak bazarında qeydə alınan qiymət artımları ilə bağlı monitorinq aparıb. Hər bir rayon üzrə altı istiqamətdə aparılan araşdırma köhnə və yeni tikili binalarda 1, 2 və 3 otaqlı mənzilləri əhatə edib.
Araşdırma nəticəsində məlum olub ki, paytaxtın mənzil bazarında köhnə tikili binalar üzrə 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 16 və 13 faiz), 3 otaqlı mənzillər üzrə isə Nəsimi rayonunda (10 faiz) baş verib. Yeni tikili binalarda isə qiymətlər 1 otaqlı mənzillər üzrə Xətai rayonunda (17 faiz), 2 və 3 otaqlı mənzillər üzrə isə Nərimanov rayonunda (müvafiq olaraq 13 və 10 faiz) qeydə alınıb.
Müvafiq olaraq köhnə tikili binalarda birotaqlı mənzillər 9,5, ikiotaqlı otaqlı mənzillər 7,1, üçotaqlı mənzillər isə 6,6 faiz bahalaşıb. Yeni tikili binalarda birotaqlı mənzillər 10,2, ikiotaqlı otaqlı mənzillər 7,9, üçotaqlı mənzillər isə 5,6 faiz bahalaşıb. Eyni zamanda Bakı şəhərinin rayonları üzrə mənzillərin 1 m2 orta təklif qiyməti 2021-ci il ilə müqayisədə Binəqədi rayonu üzrə 1 484,0 manatdan 1 558,0 manata, Qaradağ rayonu üzrə 1 140,0 manatdan 1 242,0 manata, Nərimanov rayonu üzrə 1 741,0 manatdan 1 852,0 manata, Nəsimi rayonu üzrə 1 836,0 manatdan 2 056,0 manata, Nizami rayonu üzrə 1 467,0 manatdan 1 540,0 manata, Sabunçu rayonu üzrə 1 373,0 manatdan 1 469,0 manata, Səbail rayonu üzrə 1 951,0 manatdan 2 146,0 manata, Suraxanı rayonu üzrə 1 220,0 manatdan 1 281,0 manata, Xətai rayonu üzrə 1 585,0 manatdan 1 776,0 manata, Yasamal rayonu üzrə 1 500,0 manatdan 1 610,0 manata yüksəlmişdir.
Monitorinqin nəticələri ilə aşağıda qeydə olunmuş cədvəl vasitəsilə tanış ola bilərsiniz.
Xatırladaq ki, "VECON CONSULTING" qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.
Şirkət tanınmış "JSC International Valuation Centre" qiymətləndirmə şirkətinin partnyorudur. Şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. "VECON CONSULTING" MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.
Şirkətin təsisçisi və direktoru Vüqar Oruc isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, tanınmış iqtisadçı ekspertdir.