Ölkəmizdə kriptovalyutaya MARAQ: Azərbaycan bazarda aktivlik…



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Ölkəmizdə kriptovalyutaya MARAQ: Azərbaycan bazarda aktivlik qazanmaq istəyirsə…

Bu gün dünyada kriptovalyutalara, xüsusən də "Bitcoin"ə maraq yüksək səviyyədədir. Ötən il Azərbaycanda ilk kriptovalyuta birjası yaradılsa da, bu sahəyə maraq arzuolunan səviyyədə deyil. Baxmayaraq ki, Azərbaycandakı kriptovalyuta birjasında 3 kriptovalyutanı - "Bitcoin" (BTC), "Ethereum" (ETH) və "Ripple" (XRP) manatla alıb-satmaq mümkündür. Cəmiyyətdə formalaşan fikrə görə, ölkədə kriptovalyuta almaq sərfəli deyil və riskləri daha çoxdur.

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibə verib.

Sözügedən müsahibəni təqdim edirik:

- Vüqar bəy, ölkəmizdə kriptovalyutalara, xüsusən də "Bitcoin"ə maraq necədir?

– Azərbaycanda bu sahəyə olan maraq hələlik dünyada baş verən proseslərlə uzlaşmır. Belə ki, kriptovalyutaların istifadəsi və tədavülü istiqamətində geridəyik. Əsas səbəblərdən biri ölkə ictimaiyyətində kriptovalyutalara qarşı yetərli inamın olmamasıdır. Milli psixologiyada daha çox gözlə görünənlər qəbul olunur. Hətta elektron ödənişlərin aparılması və əməkhaqqının kartla alınması da qonşu ölkələrlə müqayisədə cəmiyyətimizdə o qədər də məşhur deyil. Lakin buna baxmayaraq, proses dövlət tərəfindən stimullaşdırılır və elektron ödənişlər istiqamətində canlanma var. Hələlik qonşu ölkələrlə eyni səviyyədə olmasaq da, müəyyən qədər irəliləyiş müşahidə olunur. Kriptovalyutalarla bağlı vəziyyət isə fərqlidir. Ayrı-ayrı fərdlər, biznes adamları "Bitcoin" əldə etsələr də, ümumilikdə böyük bazar formalaşmayıb. Çünki ölkəmizdə "Bitcoin"lə bağlı prosesin tam şəkildə aparılması üçün əlverişli şərait yoxdur. Bu sahəyə yatırım etmək istəyən şəxslərin vergiyə cəlb olunması, müxtəlif instansiyalarda yatırım fonunda müəyyən faizlərin itirilməsi sözügedən sahəyə olan marağı azaldır.

- Kriptovalyutalara marağı artırmaq üçün hansı addımlar atılmalıdır?

– Fikrimcə, bu istiqamətdə müəyyən qərarlar qəbul olunmalıdır. Bu qərarların əsas mahiyyəti prosesin inkişaf etdirilməsi, əllə toxunulmayan vəsaitlər vasitəsilə bazarda müəyyən investisiya qoyuluşlarına şəraitin yaradılması və qeyd olunan sahənin nəzarətə götürülməsindən ibarət olmalıdır. Qonşu dövlətlərin təcrübəsindən yararlanmaq vacibdir. Əgər vətəndaş kriptovalyuta vasitəsilə yatırım etmək niyyətindədirsə, onlar üçün müvafiq imkanların yaradılması zəruridir. Hazırkı situasiya qeyri-müəyyəndir və buna görə də vətəndaşların aktivliyi aşağı səviyyədədir. Ümid edirəm ki, yaxın gələcəkdə kriptovalyutalara olan maraq aktuallıq qazanacaq.

- Kriptovalyuta bazarından kənar qalmaq Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

– Dünyada kriptovalyuta bazarı inkişaf edirsə, Azərbaycanın bu prosesdən kənarda qalması müəyyən problemlərə səbəb ola bilər. Çünki məlum bazar yeni texnologiyadır və prosesə ləng qoşulmağımız kriptovalyuta sahəsində söz sahibi olmağımıza maneçilik törədə bilər.

- Kriptovalyutalarda risk hallarını necə tənzimləmək olar?

– Azərbaycanda birja mədəniyyəti o qədər də inkişaf etməyib. Kriptovalyuta bazarında da qaydalar birja qaydalarına uyğun formalaşıb. Ona görə də bu sahədə maarrifləndirmə işlərinin aparılması vacibdir. Xüsusən də dünyadakı iqtisadi proseslər barədə məlumatlı olan şəxslərin iştirakı təmin edilməlidir. Çünki insanların əksəriyyəti elektron hesablaşmalara çox da həvəsli deyil. Onu da qeyd edim ki, əldə olunan kriptovalyutaların inkişaf və tənəzzülünü dəyərləndirilmək olduqca çətin prosesdir. Dünyada bu istiqamətdə püxtələşmiş biznes adamları var. Əgər Azərbaycan kriptovalyuta bazarında aktivlik qazanmaq istəyirsə, püxtələşmiş və bazar qaydalarını bilən biznes adamları ilə çalışmalıdır.