Saxta rəqəmlər, şişirdilmiş sahələr, aldadıcı elanlar – DİQQƏTLİ OLUN



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

İqtisadçı: "MTK-lar mənzillərin sahəsinin şişirdilməsi ənənəsinə son qoymalıdır"

"Vecon Consulting" qiymətləndirmə şirkəti paytaxtın əmlak bazarı ilə bağlı apardığı araşdırmaya yekun vurub. Monitorinq zamanı vətəndaşların etimadından sui-istifadə olunması, onların aldadılması ilə bağlı çoxsaylı faktlar aşkarlanıb. Mənzil tikinti kooperativlərinin (MTK) mənzillərin sahələrini süni şəkildə şişirtməsi, müvafiq standarları pozması, payçıların artıq ödənişlərə məcbur edilməsi, kommunal xidmətlərin keyfiyyətsiz olması fonunda qiymətlərin bahalaşması və s. kimi məqamlar ortaya çıxıb. Eyni zamanda, cəmiyyətdə "makler" kimi məşhur olan rielitorların da mənzil alıcılarını aldatmasına dair ciddi faktlar üzə çıxıb.

Araşdırmanın nəticələri barədə AYNA-ya danışan "Vecon Consulting" qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc deyib ki, rəhbəri olduğu şirkət davamlı olaraq paytaxtın daşınmaz əmlak bazarının monitorinqini həyata keçirir: "Hər ay Bakının müxtəlif rayonları üzrə qiymətlərin dəyişmə nisbəti, köhnə və yeni tikili mənzillərə tələbat səviyyəsi ilə bağlı araşdırmalar aparırıq. Habelə paytaxtın əmlak bazarının mövcud vəziyyətinə dair rüblük monitorinqlər həyata keçiririk. Bu qəbildən olan son araşdırmamız zamanı ciddi nöqsanlar aşkar etdik".

"Statistikaya görə, potensial alıcılar yeni tikili mənzillərə daha çox üstünlük verirlər. Mənzil almaq ərəfəsində insanları ən çox maraqlandıran uyğun yaşayış sahəsinin seçilməsidir. Eyni zamanda binaların yerləşdiyi əraziyə də xüsusi önəm verilir. Bir çox hallarda rielitorlar internet resurslarında yerləşdirdikləri elanlar zamanı mənzilin yerləşdiyi ərazini düzgün qeyd etmirlər. Onlar müştərinin müfəssəl məlumatlar əldə etməsini yox, nəyin bahasına olursa-olsun onları əldə etməyi hədəfləyirlər", - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, istehlakçılar sinif təsnifatına görə mənzilləri ayırd etməkdə çətinlik çəkirlər: "Bəzi işbazlar da bundan yararlanaraq onları aldatmağa çalışırlar. Misal üçün, mənzilin yerləşdiyi ərazini "Həzi Aslanov" metrostansiyasının yaxınlığı kimi qeyd edirlər. Lakin sonradan məlum olur ki, "Xəzər" univermağının ərazisindəymiş. Halbuki alıcıda aydın təsəvvür formalaşdırmaq üçün ərazinin yaxınlığındakı strateji məkan qeyd olunmalıdır. Hər hansı metroya yaxınlığını isə konkret məsafəni göstərməklə bildirmək olar".

"Mənzilə baxış zamanı məlum olur ki, təmirin səviyyəsi, mənzilin sahəsi də şişirdilib. 96 kv.m-lik mənzil 100 kv.m kimi göstərilib. Çıxarış zamanı isə bu mənzillərin real sahəsinin 82 kv.m olduğu bəlli olur. Təsəvvür edin ki, müştəri mənzili 18 faiz daha baha qiymətə almaq məcburiyyətində qalır. Bu da öz növbəsində daşınmaz əmlak bazarında bahalaşmanı stimullaşıran faktor rolunda çıxış edir", - deyə ekspert söyləyib. V.Oruc qeyd edib ki, gündəlik qiymətləndirmələr zamanı şirkətə vətəndaşlardan bununla bağlı çoxsaylı şikayətlər daxil olur: "Onlar iddia edirlər ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu qədər olmalıdır. Biz isə onlara izah edirik ki, mənzilin real sahəsi çıxarışa uyğun tənzimlənir. Müvafiq normativlərə görə, mənzilin sahəsi hesablanarkən onun yalnız yaşayışa yaralı hissəsi qeyd olunmalıdır. Eyvan ərazisi üçdə bir nisbətində qeydiyyata alınmalıdır. MTK sahibləri isə qonşuya aid əraziləri də mənzilin ərazisinə şamil edirlər. Evin sahibi sonradan mənzili satışa çıxararkən ciddi problemlərlə üzləşir. Məlum olur ki, onu aldadıblar və nəticədə çıxılmaz duruma düşürlər. Mən buradan üzümü MTK sahiblərinə tutub demək istəyirəm ki, mənzillərin sahəsini şişirdilməsi ənənəsinə son qoyulmalıdır". Vətəndaşları yeni mənzil alarkən diqqətli olmağa səsləyən ekspertin bildirdiyinə görə, mənzilin sahəsi, təmir səviyyəsi, yerləşdiyi ərazi, mərtəbəsi qiymətlərə təsir edən faktorlardır: "Müvafiq qaydalara əsasən, mənzillərin ümumi sahəsi – yaşayış otaqlarının, köməkçi sahələrin (mətbəx, sanitar qovşaq, dəhliz, dolab), eləcə də eyvanların azaltma əmsallara vurulmuş məcmusundan ibarətdir. 30 faiz eyvan sahəsi ümumu yaşayış səviyyəsinə aid edilə bilər. Mənzilə çıxarış da məhz buna əsasən verilir. Mənzil ipoteka şərtləri ilə satışa çıxarılan zaman qiymətləndirmə şirkətləri də bunu əsas götürür".