Vüqar Oruc: “Çıxarışı olan binalardan mənzil almaq hüquqi baxımdan daha məqsədəuyğundur”



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, hüquqi baxımdan çıxarışı olan binalardan mənzil almaq daha məqsədəuyğundur. Onun sözlərinə görə, bu cür mənzillərin gələcəkdə hüquqi baxımdan problem yaratmaq ehtimalı son dərəcə azdır.

“Çıxarışı olmayan binalardan mənzil alan şəxslər sonradan böyük problemlərlə üzləşirlər. Hazırda da bu cür hallar mövcuddur. Əgər bina qanunlara və normativ sənədlərə uyğun şəkildə inşa olunub, bütün tələb olunan sənədlər müvafiq icra qurumlarına təqdim edilibsə, o zaman bina təhvil-təslim aktı ilə təmin edilir. Nəticədə isə Əmlak Xidməti həmin binadakı mənzillərə mülkiyyət sənədi təqdim edir”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, əgər vətəndaş tikinti şirkətinin sənədlərinin tamlığını dəqiqləşdiribsə və bina hazır olduqdan sonra çıxarış almaq mümkündürsə, bu zaman həmin binalardan mənzil almaqda da problem yoxdur. Lakin bu zaman mütləq sənədlərlə əvvəlcədən tanış olmaq tövsiyə olunur.

Vüqar Oruc bildirib ki, xüsusilə investisiya məqsədi ilə bünövrədən mənzil alanların sayı çoxdur. Bu kateqoriyaya aid şəxslər daşınmaz əmlakın qiymətinin gələcəkdə artacağını nəzərə alaraq erkən mərhələdə alqı-satqı edirlər. Lakin bu zaman riskləri düzgün qiymətləndirmək lazımdır:

“Əvvəllər sənədlərin təqdim olunmaması və tikintinin başa çatmaması səbəbindən insanlar tərəddüd edirdilər. Bəzi hallarda tikinti şirkətləri vəsaitləri alsa da, binanı tikib başa çatdırmayıb. Elə hallar da olub ki, tikinti başa çatsa da, normativ qaydalara uyğun olmadığı üçün təhvil-təslim aktı və çıxarış təqdim olunmayıb”.

Ekspert əlavə edib ki, binaların yerləşdiyi ərazilərin ümumi çıxarışı olmalı və daha sonra bu sənəddən ayrılan hissələrlə fərdi çıxarışlar verilməlidir. Onun sözlərinə görə, bu prosesdə konsaltinq şirkətlərindən istifadə edilməsi tövsiyə olunur:

“Vətəndaşlarımız bu məsələləri konsaltinq şirkətləri ilə birgə həll etməlidirlər. Bu şirkətlər müqavilə əsasında yarana biləcək riskləri öz üzərlərinə götürə və hüquqi məsələni aydınlaşdıra bilərlər. Əgər tikinti başa çatdıqdan sonra çıxarış almaq ehtimalı sual altındadırsa, həmin mənzilin alınması məqsədə uyğun deyil”.

Vüqar Oruc qeyd edib ki, əvvəllər bünövrədən mənzil almaq qiymət baxımından daha sərfəli idi. Hazırda isə bazar dinamikası dəyişib və bəzi hallarda təməldən tikilən mənzillər hazır mənzillərdən daha baha qiymətə təklif olunur:

“Əvvəllər hazır mənzillərin 1 kvadrat metri 2.000 manat idisə, bünövrədən olanlar 1.500-1.600 manat civarında olurdu. İndi isə tikinti şirkətləri gələcəkdə daşınmaz əmlakın qiymətinin arta biləcəyini nəzərə alaraq təməl tikililəri bəzən 2.500, hətta 4.000 manata qədər təklif edirlər”.