Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mənzil və daşınmaz əmlak bazarındakı qiymətlərin tənzimlənməsi ilə bağlı “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, hazırkı şəraitdə dövlətin bu sahədə inzibati qaydalar tətbiq etməsi mümkün deyil, çünki bu, vətəndaşların sərbəst qərarına əsaslanan bir prosesdir.
Vüqar Orucun sözlərinə görə, qiymətləndirici şirkətlər yalnız mənzillərin bazara uyğun dəyərinin müəyyən olunmasına təsir edə bilər, lakin onların satış qiymətlərinə müdaxilə etmək səlahiyyətləri yoxdur:
“Mənzillər ayrı-ayrı şəxslərin və ya MTK-ların mülkiyyətindədir. Əgər ikinci əl mənzillər satışa çıxarılırsa, bu zaman qiymətləndirmə fəaliyyəti onların qiymətinə təsir göstərə bilməz. Bu, sərbəst bazar münasibətləri çərçivəsində formalaşır.”
O qeyd edib ki, yalnız dövlət balansında olan – məsələn, qaçqın və məcburi köçkünlərə verilmiş mənzillər, həmçinin MİDA layihələri üzrə tikilən binalarda qiymətləndirmə prosesində dövlət iştirak edə bilər və bu zaman qiymətlərin müəyyən olunmasına dolayısı ilə təsir göstərilə bilər.
Bununla yanaşı, Oruc qeyd edib ki, dövlət müəyyən sosial sifariş əsasında regionlar üzrə maksimum və minimum qiymətlərin müəyyən olunmasını sifariş edə bilər:
“Bu məlumatlar alıcılar üçün istiqamətverici ola bilər, lakin dövlətin həmin qiymət aralığında satışa məcbur etməsi həm konstitusiyaya, həm də beynəlxalq hüquq normalarına ziddir. Bu, yalnız tövsiyə xarakterli məlumat ola bilər.”
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 15-də “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun icrası ilə əlaqədar bəzi fərmanlara dəyişiklik edib. Yeni qaydalara əsasən, bələdiyyələrə məxsus torpaqlar da daxil olmaqla, bir sıra daşınmaz əmlakların dəyərinin qiymətləndirilməsi artıq müvafiq lisenziyaya malik qiymətləndirici şirkət və şəxslər tərəfindən aparılacaq.