Bakının müxtəlif rayonlarında mənzil bazarındakı son qiymət dəyişiklikləri ilə bağlı araşdırmanın nəticələri açıqlanıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, araşdırma zamanı paytaxtın 12 rayonundan 9-da yeni və köhnə yaşayış binalarında yerləşən mənzillərin 1 kvadrat metrinin satış qiymətləri toplanıb və orta qiymətlər hesablanıb. Yeni və köhnə tikililər arasında qiymət fərqləri də müəyyən edilib.
Vüqar Oruc bildirib ki, qiymətlər həm ərazilərin mərkəzə yaxınlığı, həm tikililərin yaşı və keyfiyyəti, həm də bazar tələbi əsasında dəyişir.
Araşdırmanın nəticələrinə görə, rayonlar üzrə mənzillərin orta satış qiymətləri və yeni-köhnə tikililər arasındakı qiymət fərqləri belədir:
Nizami rayonu: Yeni tikililərdə qiymətlər 2 780–3 025 manat, köhnə tikililərdə 2 533–2 610 manat arasında dəyişir. Orta qiymət 2 633 manat, fərq 9–15 %.
Xətai rayonu: Yeni tikililərdə 2 020–3 408 manat, köhnə tikililərdə 1 806–3 050 manat. Orta qiymət 2 467 manat, fərq 7–19 %.
Yasamal rayonu: Yeni tikililərdə 2 205–3 985 manat, köhnə tikililərdə 1 940–3 182 manat. Orta qiymət 2 822 manat, fərq 5–24 %.
Nərimanov rayonu: Yeni tikililərdə 2 517–3 980 manat, köhnə tikililərdə 2 312–3 250 manat. Orta qiymət 3 006 manat, fərq 3,4–16,5 %.
Nəsimi rayonu: Yeni tikililərdə 2 375–4 115 manat, köhnə tikililərdə 2 014–3 742 manat. Orta qiymət 3 126 manat, fərq 3–45 %.
Binəqədi rayonu: Yeni tikililərdə 2 583–2 941 manat, köhnə tikililərdə 1 536–2 710 manat. Orta qiymət 2 563 manat, fərq 7–42 %.
Suraxanı rayonu: Yeni tikililərdə 1 752–2 230 manat, köhnə tikililərdə 1 420–1 995 manat. Orta qiymət 1 836 manat, fərq 10–23 %.
Xəzər rayonu: Yeni tikililərdə 1 930–2 195 manat, köhnə tikililərdə 1 635–1 845 manat. Orta qiymət 1 913 manat, fərq 14–24 %.
Sabunçu rayonu: Yeni tikililərdə 2 120–2 562 manat, köhnə tikililərdə 1 875–2 239 manat. Orta qiymət 2 226 manat, fərq 10–17 %.
Vüqar Oruc əlavə edib ki, hazırda Bakının mərkəzi rayonlarında, xüsusilə Nəsimi, Yasamal və Nərimanov rayonlarında qiymətlər daha yüksəkdir. Bu isə həmin ərazilərin infrastruktur imkanlarının geniş olması və mərkəzi yerləşməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, bəzi rayonlarda – məsələn, Binəqədi və Suraxanı kimi ərazilərdə isə yeni tikililərin qiymət artımı köhnə binalara nisbətən daha çox nəzərə çarpır.
Araşdırmanın nəticələri göstərir ki, ümumilikdə Bakıda yeni və köhnə tikililər arasında qiymət fərqi 3 %-dən 45 %-ə qədər dəyişir.