Qızıla, yoxsa daşınmaz əmlaka investisiya etmək daha sərfəlidir?



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bu mövzu ilə bağlı fikirlərini bölüşüb.

Vüqar Orucun sözlərinə görə, investisiya baxımından qızılın daha əlverişli olduğunu demək çətindir. O bildirib ki, daşınmaz əmlak, qızıldan fərqli olaraq, həm qoyulan investisiyanı geri qaytarmaq, həm də əlavə gəlir əldə etmək imkanı yaradır.

Ekspert qeyd edib ki, daşınmaz əmlak yalnız qiymət artımı ilə deyil, eyni zamanda ondan məqsədyönlü istifadə — kirayə və ya icarə gəliri əldə etmək vasitəsilə də gəlir gətirə bilir. Onun fikrincə, bir investisiya aləti — istər manat, dollar, qızıl, istərsə də daşınmaz əmlak — davamlı gəlir gətirmirsə, zamanla ona maraq azalır.

Vüqar Oruc əlavə edib ki, daşınmaz əmlak uzunmüddətli investisiya baxımından daha üstün hesab olunur. Çünki inflyasiya həm qızıl, həm də daşınmaz əmlak bazarında qiymət artımına səbəb olur.

Araşdırmalara istinad edən Oruc bildirib ki, daşınmaz əmlak qiymətləri dünyanın bir çox bölgəsində, o cümlədən qonşu ölkələrdə də artmaqda davam edir.

Bununla belə, o, daşınmaz əmlakın investisiya olaraq müəyyən risklər daşıdığını da vurğulayıb: “Təbii fəlakətlər, yanğınlar, sunami və zəlzələlər kimi hadisələr daşınmaz əmlaka zərər verə bilər. Lakin daşınmaz əmlak sığortalanıbsa, bu zaman itkilər sığorta şirkətləri tərəfindən qarşılanır.”

Vüqar Orucun sözlərinə görə, 2016-cı ildən bəri daşınmaz əmlakın qiyməti 2,5-3 dəfə artıb ki, bu da qızılın qiymətindəki artımdan daha yüksək göstəricidir.