Binaların girişini zəbt edənlər kimlərdir? - MÜSAHİBƏ



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

"VECON CONSULTING" Qiymətləndirmə şirkətinin rəhbəri: Binaların girişini zəbt edənlər kimlərdir? - MÜSAHİBƏ

Vüqar Oruc: "Heç bir biznes insan sağlamlığından üstün deyil"

Sovetlərin dağılmasından sonra ölkəmiz bazar iqtisadiyyatına keçid etdi və bu müsbət tərəfləri ilə yanaşı mənfi izlər də buraxdı. Öz biznesini yaratmaq marağı o qədər gücləndi ki, bəziləri bu məqsədinə nail olmaq üçün qanunları pozmaqdan, keçid dövrünün üstünlüklərindən yararlanıb, vətəndaşların hüquqlarını tapdamaqdan belə çəkinmədi.

Əsası sovetlər dönəmində qoyulan tikintilərin giriş hissələri rekonstruksiyalara məruz qaldı, birgə yaşayışın təmin olunduğu binaların birinci mərtəbələrində kafelər, restoranlar, digər ticarət obyektləri fəaliyyətə başladı.

Bəs görəsən binaların bu qədər yüklənməsi, dəyişikliyə məruz qalması hansı fəsadlara yol aça bilər?

Bütün bu suallara "VECON CONSULTING" Qiymətləndirmə şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Orucla aydınlıq gətirməyə çalışacağıq.

Giriş sahəsi olduğu kimi, çıxış sahəsi də olmalıdır?

- Vüqar bəy, köhnə binaların birinci mərtəbələrində aptek, gözəllik salonu, kurs, market və s. obyektlər açılır. Bu zaman mənzildə rekonstruksiya edilir, aranı açıb genişləndirmək üçün divarlar sökülür…

- İlk növbədə onu qeyd edim ki, qeyri - yaşayış sahələrinin texniki şərtləri var ki, onlara mütləq əməl olunmalıdır. Qeyri - yaşayış sahələrinin giriş sahəsi olduğu kimi, çıxış sahəsi də olmalıdır. Çünki hər hansı bir fövqəladə hadisə baş verərsə, təxliyyə olunmaq üçün müvafiq şərtlərə əməl edilməlidir. Təəssüflər olsun ki, hazırda özbaşına rekonstruksiya olunaraq qeyri - yaşayış sahəsinə çevrilmiş obyektlərdə müvafiq normativlər nəzərə alınmır. Bəzi hallarda müvafiq qurumlar da buna göz yumur. Onlar sadəcə xəbərdarlıq etməklə öz işini bitmiş sayırlar.

- Qaz sızması, elektrik naqillərindəki qısaqapanmalar və s. Mütəmadi olaraq bu səbəblərdən baş verən yanğınlara da rast gəlirik. Bu məsələlər necə həllini tapmalıdır?

- Qeyri - yaşayış sahələrinin kommunal xətləri barədə normativlər var. Bilirsiniz ki, yaşayış sahələrində, binalarda mavi yanacaq olmalıdır. Yeni tikili binalarda müəyyən şərtlər ödənildikdən sonra qaz verilməsinə başlanılır. Qeyri - sahələrinə isə ümumiyyətlə qaz verilməməlidir. Təəssüf ki, əksər hallarda bu qaydalara da əməl olunmur. Digər tərəfdən tikinti üçün lazımlı, hansı ki, özündən yuxarıdakı mənzilin əsas ağırlığı məhz həmin sütunlara düşür, həmin sütunların aradan qaldırılması çox təhlükəli vəziyyət yaradır. Mümkündür ki, bu səbəbdən gələcəkdə təhlükəli və fövqəladə vəziyyət yaransın.

Bir hüququn təmini digər hüququn pozulmasına…

- İddialar var ki, hər bir tikiliyə fərdi yanaşılmadır. Yəni onun quruluşu vacib şərtlərdəndir və bunu nəzərə alaraq texniki şərtlər verilməlidir?

- Tamamilə düzgün vurğuladınız ki, hər bir binanın quruluşu nəzərə alınmalı və müvafiq qurumlar buna əsaslanıb rəy verməlidirlər. Əvvəlcə yaşayış və qeyri - yaşayış sahələri arasında sərhədlər müəyyən olunmalıdır. Bəzi sahibkarların özbaşına olaraq “birinci mərtəbədir” deyə yaşayış sahəsini qeyri - yaşayış sahəsinə çevirməsi yolverilməzdir. Vacib məqamlardan biri sakinlərin istirahət hüququnun, birgə yaşayış qaydalarının pozulması ilə bağlıdır. Köhnə beşmərtəbələrdə ya zirzəmi sahəsində, ya da elə birinci mərtəbənin özündə restoranlar, kafelər yaradılır, ictimai iaşə xidmətləri fəaliyyət göstərir. Düzdür, gözəllik salonları, apteklər iaşə obyektlərinə nisbətən bir o qədər də ciddi problem yaratmırlar. Kafe və restoranlar isə bu baxımdan istisnadır.

- Sizcə çıxış yolu nədir? Hansı addımlar atılmalıdır ki, o həm sakinlərin hüquqlarını, həm də sahibkarların hüquqlarını qorusun?

- Yaxşı olardı ki, qeyri - yaşayış sahələri qeyri - yaşayış üçün nəzərdə tutulan yerlərdə fəaliyyət göstərsinlər. Sahibkarlar daha çox qazanc əldə etmək, icarəyə vermək və bundan gəlir qazanmaq arzusundadırlar. Əslində bu da onların hüquqlarıdır. Lakin hər şey elə çərçivədə aparılmalıdır ki, bir hüququn təmini digər hüququn tapdanmasına şərait yaratmasın. Yəni binada yaşayan sakinlərə problem yaratmasın, tikintiyə xələl gəlməsin, tikinti qaydaları pozulmasın, təxliyyə planı, yanğından mühafizə şərtləri qorunsun. Bu məsələlərə Fövqəladə Hallar Nazirliyi, Dövlət Əmək Müfəttişliyi nəzarət edir. Dövlət Əmək Müfəttişliyi həmin iş məkanının insanların normal şəraitdə işləməsinə uyğun olub - olmadığını araşdırmalıdır. Bununla bağlı xüsusi rəylər verilməlidir. "Yanğından mühafizə edilirmi", "Hər hansı nəzərdə tutulan və tutulmayan hallar mövcud ola bilərmi?", "Əmək şəraiti üçün tamamilə uyğundurmu", "İnsan sağlamlığı üşün müvafiq şərtlər ödənirmi" və s. suallara cavab verilməlidir. Misal üçün pəncərələr, havalandırma sistemləri olmalıdır ki, insan sağlamlığı qorunmaq şərtilə normal iş şəraiti təmin edilsin.

Heç bir biznes insan sağlamlığından üstün deyil

- Rekonstruksiya işlərinin hüquqi əsası varmı, onların fəaliyyəti necə tənzimlənməlidir?

- Bunun üçün müvafiq icra strukturlarına müraciət olunmalıdır. İcra strukturlarının vasitəçiliyi ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına müraciət edilməlidir ki, gələcəkdə baş verə biləcək mümkün fəsadlar aradan qaldırılsın. Əgər rekonstruksiya dediyimiz problemlərin hər hansı birinə səbəb olmursa, onun həyata keçirilməsinə icazə verilə bilər. Yox əgər divarın əsas sütunlarının aradan qaldırılması ilə nəticələnirsə, hər hansı birgə yaşayış qaydaları pozulursa, təxliyyə üçün ikinci çıxış yoxdursa, buna razılıq verməməlidir. Bu qadağaya riayət etməyən sahibkarlar cəzalandırılmalı, onlarla bağlı müvafiq ölçü götürülməlidir. Çünki hər bir sahədə ən vacib amil insan sağlamlıığıdır. Hər bir biznes insan sağlamlığından və insan amilindən yüksək tutula bilməz. Hesab edirəm ki, müvafiq dövlət qurumları məsələyə ciddi yanaşmalı, vətəndaşların özləri də bu məsələdə diqqətli olmalıdır. Vətəndaşlar yaşadığı yerlərdə bu cür neqativ hallarla qarşılaşırsa, dövlət qurumlarına müraciət etməli və bu məsələdə onlara yardım etməlidir.