Vüqar Oruc: Banklar yeni dönəmə hazır olmalıdır...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Vüqar Oruc: "Banklar yeni dönəmə hazır olmalıdır".

Vüqar Oruc: "Hazırda daşınmaz əmlak bazarında ciddi böhran hökm sürür".

"Azərbaycanda və dünyada mövcud olan hazırki situasiya daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib və hazırda bu sahədə ciddi böhran hökm sürür".

Bu sözləri sosium.az - a açıqlamasında "VECON CONSULTING" Qiymətləndirmə şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc söyləyib.

Onun sözlərinə görə, hazırda daşınmaz əmlak bazarının mövcudluğu sual altındadır:

"Əmlak bazarında yeni əqdlərin bağlanmaması, alqı - satqı faktlarının baş verməməsi, o cümlədən kirayə bazarındakı qeyri - müəyyən şərait ciddi suallar meydana çıxarır. Daşınmaz əmlak bazarının seqmentləri üzrə vəziyyət çox ciddi və radikal şəkildə dəyişikliklərə məruz qalıb. Paytaxta giriş və çıxışa qoyulan məhdudiyyətlər kirayə bazarında qiymətlərin ciddi şəkildə enməsi ilə müşaiyət olunacaq. Daşınmaz əmlak bazarında alqı - satqı faktlarının məhdudlaşması, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun koronovirusla bağlı ipoteka kreditlərinin verilməsini müvəqqəti olaraq dayandırması bu sahədə vəziyyətin daha ciddi xarakter alacağını söyləməyə əsas yaradır".

V.Oruc qeyd edir ki, vəziyyət bu cür davam edərsə, ölkəmizdə qiymətləndirmə meyarları dəyişəcək:

"Həm banklar, həm də qiymətləndirmə şirkətləri mövcud situasiyada qiymətləndirmə meyarlarına yenidən baxmalıdır. Təklif çox olsa da, tələb ciddi şəkildə azalıb və baş verənlər heç şübhəsiz yeni qiymətləndirmə şərtlərini qaçılmaz edəcək. Qarşıdakı dövrdə həm daşınmaz əmlak bazarında, həm də kirayə bazarında qiymətlər ciddi şəkildə enəcək. Yalnız bağ və həyət evlərinə müəyyən tələbat yaranacaq ki, bu kateqoriyaya aid evlərin qiymətində müəyyən artım qeydə alına bilər".

Vəziyyətdən çıxış yolunu riskləri nəzərə almaqda və düzgün qiymətləndirə siyasətində görən "VECON CONSULTING" əhbəri banklar və qiymətləndirmə şirkətlərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirir:

"Pandemiya elan olunana qədər daşınmaz əmlak bazarında vəziyyət tamam fərqli idi. Mövcud vəziyyət isə tamam fərqli. Hesab edirəm ki, real bazar qiymətləri nəzərə alınmalı və həm maliyyə qurumlarının, həm də araşdırma şirkətlərinin hesabatlarında öz əksini tapmalıdır. Xüsusilə banklar girov kimi qəbul etdikləri obyektləri qiymətləndirən zaman bu amilləri nəzərə almalıdırlar".

Bir müddət sonra yenidən vəziyyətin dəyişəcəyinə ümid edən həmsöhbətimiz əlavə edir ki, qarşıdakı bir il ərzində risklər nəzərə alınmalıdır:

"Xüsusən gəlir gətirməyən obyektlərin alqı - satqısı zamanı ortaya ciddi problemlər çıxacaq. Nəzərə alanda ki, hazırda ictimaiyyəti məşğul edən əsas məsələ sağlamlıqlarını qorumaq və karantin məqsədilə qoyulmuş qadağalara əməl etməkdir, bu halda digər sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da süstlük təbiidir. Banklar və qiymətləndirmə şirkətləri mövcud riskləri diqqətə almasalar, gələcəkdə çoxlu sayda problemli kreditlər meydana çıxacaq. Bu da heç şübhəsiz arzuolunmaz nəticələrə səbəb olacaq. Zənnimcə, hadisələrin yenidən əvvəlki məcrasına qayıtması üçün 1, hətta 1,5 il zaman lazımdır".